SİYASƏT
Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür
Bakı, 24 aprel (AZƏRTAC). Azərbaycan ilə İordaniya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin başçıları arasındakı dostluq münasibətləri bütün sahələrdə, eləcə də parlamentlərimiz arasında əməkdaşlığın inkişafı üçün geniş zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakıda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf Əl-Ravabidənin Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşündə səslənmişdir.
İşçi qrupun rəhbəri, deputat Ərəstun Cavadov qonaqlara Azərbaycanın sosial- iqtisadi inkişafı, beynəlxalq əlaqələri, Avropaya inteqrasiyası barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycan ilə İordaniya arasında münasibətlər möhkəmlənir, əməkdaşlığımızın əhatə dairəsi genişlənir. Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolu böyükdür. İnanırıq ki, qarşılıqlı səfərlər, eləcə də sizin bu səfəriniz parlamentlərimiz arasındakı əlaqələrin inkişafına təkan verəcəkdir.
Abdurrauf Əl-Ravabidə Azərbaycana səfərlərindən məmnun qaldıqlarını bildirmişdir. O demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etmişdir. Bunu Bakıya düşən andan hiss etmək mümkündür. Səfərimizin məqsədi də parlamentlərarası əlaqələrin inkişafına və beynəlxalq əməkdaşlığa dair məsləhətləşmələr aparmaqdır.
Sonra işçi qrupun üzvləri Astan Şahverdiyev, Çingiz Qənizadə, qonaqlardan Mərvan Əl-Humud, Səfər Əl-Huneyta, Təlal Əl-Madi və başqaları ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyünün əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikirlərini bölüşmüşlər.
Söhbətdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu xüsusi qeyd edilmiş, qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyi vurğulanmışdır. Bildirilmişdir ki, 4 il əvvəl İordaniya-Azərbaycan dostluq cəmiyyəti yaradılmışdır. Hazırda 300-dək üzvü olan bu cəmiyyət mədəni sahədə əlaqələrin inkişafında mühüm rol oynayır. Azərbaycanda da belə bir qurumun yaradılması məqsədəuyğundur.