ELM VƏ TƏHSİL
“eTwinning” layihəsi çərçivəsində qalib müəllimlər və şagirdlər mükafatlandırılıb
Bakı, 11 may, AZƏRTAC
Mayın 11-də “eTwinning Plus” layihəsi çərçivəsində Avropa Mükafatı qazanmış müəllimlərin və “eTwinning Azərbaycan” layihəsinin şagirdlər üçün təşkil etdiyi “Mənim böyük ideyam” (My Big Idea) müsabiqəsində qalib olan şagirdlərin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov layihənin əhəmiyyətindən danışıb. O qeyd edib ki, gələcək nəslin inkişafı bu günün müəllimlərindən asılıdır. Buna görə də təhsil sistemində müəllimlər və şagirdlər üçün belə şəraitlərin yaradılması çox vacibdir. Bu layihə hər bir təhsilverənə beynəlxalq təcrübədən istifadə edərək şagirdlər üçün fərqli mühitlərdə müasir metodlardan istifadə etmək imkanı yaradır.
Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin şöbə müdiri və “eTwinning” üzrə layihə koordinatoru Fidan Nəcəfova layihənin təhsil sisteminə inteqrasiyası və ölkəmizdə uğurlu icrası barədə danışıb. Qeyd edib ki, layihəyə qoşulan müəllimlər layihə əsaslı dərs modelinin qurulması, şagirdyönümlü təhsilin inkişafı, onlayn peşəkar inkişaf imkanlarından faydalanmaq imkanı əldə edirlər.
Fidan Nəcəfova rəqəmsal mühitdə tənqidi düşüncənin formalaşdırılması, kompüter elmləri və kodlaşdırma, onlayn mühitdə şagird təhlükəsizliyinin təmin edilməsi kimi vacib məsələlərin üstünlüyünü diqqətə çatdırıb. Bildirib ki, il ərzində müəllim və şagirdlər üçün müxtəlif müsabiqələr keçirilir. Müsabiqələrin keçirilməsi müəllim və şagirdlərin müasir çağırışlara cavab verən texnologiyalardan istifadəsini araşdırmaq məqsədi daşıyır. Layihə təhsilalanların informasiya-kommunikasiya texnologiyaları bacarıqlarına dərindən yiyələnməsinə, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olmasına, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır. Rəqəmsal bacarıqları təcrübədə öyrənməyə imkan verir.
Tədbirdə məlumat verilib ki, “eTwinning” layihəsi çərçivəsində “eTwinning” Avropa Mərkəzi tərəfindən 2021-ci il üzrə keçirilən Avropa Mükafatı müsabiqəsində Azərbaycandan 3 müəllim 118 minə yaxın layihə arasından seçilən “The Champion of the World” və “Future Jounalists” layihələri ilə qalib olub. “Mənim böyük ideyam” müsabiqəsində isə 11 şagird qalib seçilib. Qaliblər 14 region üzrə 114 məktəbdən daxil olan 300-ə yaxın şagird arasından seçilib.
Qalib müəllim və şagirdlərə sertifikatlar və xüsusi mükafatlar təqdim olunub.
Qeyd edək ki, ölkəmiz 2013-cü ildən etibarən “eTwinning” layihəsində iştirak edir. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir. Layihənin əsas məqsədi proqramda iştirak edən 40-a yaxın Avropa ölkəsindən olan pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq əlaqələri qurmaq, həmçinin birgə təhsilin inkişafı istiqamətində müxtəlif layihələr icra etmək üçün şərait yaratmaqdır. Layihə çərçivəsində ölkəmizdən indiyədək 1137 məktəbdən 4 min 108 müəllimin iştirakı ilə 4 min 453 təhsil layihəsi həyata keçirilib.