ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda elmi-nəzəri seminar
Bakı, 21 aprel, AZƏRTAC
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda elmi-nəzəri seminar keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli pandemiya ilə əlaqədar karantin rejiminin bir çox məhdudiyyətləri aradan götürüldüyü üçün elmi-nəzəri seminarın yenidən bərpa edildiyini diqqətə çatdırıb. “Bugünkü iclasda iştirak edən Çingiz Sasaninin qədim dövr və orta əsrlər ədəbiyyatına aid ciddi tədqiqatları var. Bu sahədə onun böyük xidmətlərini yüksək qiymətləndirirəm. Alimin Azərbaycan ədəbiyyatı tarixi konsepsiyamızı oxuması və bəyənməsi ədəbiyyatımıza yeni baxışın da bir ifadəsidir”, - deyə akademik əlavə edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Çingiz Sasani “Orta əsrlər Azərbaycan ədəbiyyatı: problemlər və vəzifələr” mövzusunda məruzə edib. “Azərbaycan mədəniyyəti dünya sivilizasiyasının beşiyidir. Bu beşiyə kənardan necə baxılır, biz özümüz özümüzü necə tanıyırıq, nədən yazırıq, bunlara fikir vermək lazımdır”, - tezislərini əsas götürən alim Ədəbiyyat İnstitutunun sovet dövründə və müstəqillik illərində gördüyü işlərə nəzər salıb. O, son illərdə görülən işləri yüksək qiymətləndirib, institutda bir neçə cildi çapdan çıxmış 10 cildlik ədəbiyyat tarixi kitabları haqqında fikirlərini bölüşüb, həmin nəşrlərin akademik İsa Həbibbəylinin irəli sürdüyü yeni dövrləşdirmə konsepsiyası əsasında hazırlanmasının əhəmiyyətini vurğulayıb.
Elmi seminarda AMEA-nın müxbir üzvü Nüşabə Araslı, filologiya elmləri doktoru, professor Fəridə Əzizova, filologiya elmləri doktoru, dosent Ataəmi Mirzəyev, filologiya elmləri doktoru, professor Baloğlan Şəfizadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva seminarın mövzusu ilə bağlı fikirlərini bildiriblər.