ELM VƏ TƏHSİL
Ədəbiyyat İnstitutunda “Şuşa İli” ilə bağlı konfransların təşkili və monoqrafiyanın çapı nəzərdə tutulur
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 2022-ci ildə hibrid formatda ilk iclası keçirilib. İclasda şuranın üzvləri, institutun ayrı-ayrı şöbələrinin müdirləri və gündəlikdəki məsələlərə aidiyyəti olanlar iştirak ediblər.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib.
Elmi şuranı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli açıb.
Öncə 2 Fevral - Gənclər Günü münasibətilə institutun gənc alimləri mükafatlandırılıb. “İlin gənc alimi” nominasiyası üzrə Ədəbiyyat İnstitutunun yaşı 35-ə qədər olan üç gənc alimi - Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Şəfa Əliyeva və üzvü Nurlanə Məmmədova, elmi işçi Aysel Qurbanova fəxri fərmanlarla təltif olunublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli Sərəncamı və qarşıda duran vəzifələr haqqında akademik İsa Həbibbəyli məlumat verib. Bildirib ki, bununla bağlı konfransların təşkili və monoqrafiyanın çapı nəzərdə tutulur.
Ədəbiyyat İnstitutunda “Nizami Gəncəvi İli” ilə əlaqədar həyata keçirilmiş tədbirlərin hesabatı və qarşıda duran vəzifələr barədə danışan akademik İsa Həbibbəyli Nizamişünaslıq şöbəsi tərəfindən hazırlanmış və yeni çapdan çıxmış “Nizami Gəncəvi - həyatı və yaradıcılığı” kitabının əhəmiyyətindən söz açıb.
Elmi katib filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı “Nizami Gəncəvi İli”ndə mükafata layiq görülmüş əməkdaşların adlarını diqqətə çatdırıb.
İclasda, həmçinin Ədəbiyyat İnstitutunun 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının, eləcə də tədbirlər planının, Elmi şuranın 2022-ci il üçün “İş planı”nın müzakirəsi və təsdiqi məsələsinə baxılıb.
“Ədəbi proses – 2020-2021” yaradıcılıq müşavirəsinin keçirilməsi mart ayının ilk həftəsinə müəyyən olunub.
Həmçinin çap və müsabiqə məsələləri müzakirə olunub, institut əməkdaşları məsələlərlə bağlı fikirlərini səsləndiriblər.