ELM VƏ TƏHSİL
Ədəbiyyat üzrə Nobel mükafatçılarının elmi fəaliyyəti ilə bağlı ictimai müzakirə keçirilib
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təşkil olunan Elm festivalı çərçivəsində ədəbiyyat üzrə Nobel mükafatçısının elmi fəaliyyətinə həsr olunmuş ictimai müzakirə keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin və s. qurumların nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova Elm festivalı çərçivəsində tədqiqat mərkəzləri tərəfindən Nobel mükafatçılarının elmi fəaliyyətlərinə həsr olunmuş 4 tədbirin keçirildiyini deyib. O, ədəbiyyat üzrə Nobel mükafatçılarının elmi fəaliyyətini əks etdirən tədbirin bu silsilədən sonuncu olduğunu vurğulayıb.
Tədbirin məruzəçisi UNEC Multikulturalizm Mərkəzinin rəhbəri professor Məhəbbət Paşayeva 2021-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Abdulrazak Gurnah haqqında təqdimatla çıxış edib. O, alimin müstəmləkəçiliyin nəticələrinə, mədəniyyətlər və qitələr arasındakı uçurumda qaçqınların taleyinə barışmaz və şəfqətli şəkildə nüfuz etdiyinə görə layiq olduğu mükafatdan danışıb.
Tədbirdə çıxış edən Azərbaycan Alban-Udin İcmasının sədri, UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin tədqiqatçısı Robert Mobili Azərbaycanda müxtəlif dinlərin nümayəndələri üçün bərabər şəraitin yaradılmasından, ölkəmizdə dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikulturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində bu tip tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbir çərçivəsində UNEC Multikulturalizm Tədqiqat Mərkəzi tərəfindən Azərbaycanda multikultural, milli-mənəvi dəyərləri əks etdirən rəsm sərgisi də təşkil olunub.
UNEC Multikulturalizm Tədqiqat Mərkəzinin tədqiqatçısı Aynur Rzayeva və Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin əməkdaşı Röya Sultanova tərəfindən çəkilən rəsm əsərləri iştirakçılar tərəfindən maraqla qarşılanıb.