Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

ƏDLİYYƏ ORQANLARI İŞÇİLƏRİNİN SOSİAL MÜDAFİƏSİNİN GÜCLƏNDİRİLMƏSİ TƏDBİRLƏRİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci və 37.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə, “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və ədliyyə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti,Tibb baş idarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla) xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşları bu Sərəncamın 1 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları bu Sərəncamın 2 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşları bu Sərəncamın 3 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilsin.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği 2 dəfə artırılsın.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın:

5.1. bu Sərəncamın əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə aylıq vəzifə maaşlarının məbləğini müəyyən etsin;

5.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Sərəncam 2008-ci ilin noyabr ayının 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 noyabr 2008-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin