SİYASƏT
ƏHMƏD DAVUDOĞLU: “QAZAXISTAN ATƏT-İN SƏDRİ KİMİ DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNİN HƏLLİNDƏ MÜHÜM ADDIM ATMALIDIR”
Ankara, 13 fevral (AZƏRTAC). Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, Qazaxıstan ATƏT-in sədri kimi Dağlıq Qarabağ məsələsinin həllində mühüm addım atmalıdır.
Əhməd Davudoğlu Anadolu agentliyinə müsahibəsində Dağlıq Qarabağ problemini Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və qazaxıstanlı həmkarı Kanat Saudabayev ilə ətraflı müzakirə etdiyini söyləmişdir. Yaxın günlərdə Qazaxıstanın xarici işlər naziri bu məsələ ilə bağlı Bakıya və Yerevana səfər edəcəkdir. Biz Qazaxıstan ilə birgə hərəkət etməyə hazırıq və Türkiyə bu problemin həllində Astanadan mühüm addım atmasını gözləyir.
Ermənistanın dövlət başçısı Serj Sarkisyanın Londondakı çıxışına münasibət bildirən türkiyəli nazir demişdir ki, bu çıxışda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı real addım atmaqdan imtina edilir və Türkiyədən niyyətini açıqlaması tələb olunur. Türkiyə dəfələrlə niyyətini bəyan etmişdir. Biz davamlı sülhün təmin olunması üçün atılacaq hər bir addımı dəstəkləyəcəyik.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara