ELM VƏ TƏHSİL
Əkin üçün istifadə olunan torpaqları öyrənmək məqsədi ilə elmi ekspedisiya təşkil edilib
Bakı, 8 avqust (AZƏRTAC). AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu tərəfindən Ağsu, Kürdəmir və İsmayıllı rayonlarında üzüm plantasiyaları torpaqlarını öyrənmək məqsədi ilə elmi ekspedisiya təşkil edilib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, aqrar elmlər üzrə fəlsəfə doktoru Məmməd Məmmədovun rəhbərliyi ilə aparılan ekspedisiya zamanı müxtəlif məqsədli əkin üçün istifadə olunan torpaqlarda, o cümlədən yeni (son 1-2 ildə) əkilmiş üzüm plantasiyaları torpaqlarında eroziya təkrar şorlaşma izləri və s. müşahidə olunub.
20 gün davam edən tədqiqatda Ağsu rayonunun Qiyaslı kəndində suvarılan açıq boz-qəhvəyi torpaqlarda 4 kəsim qoyulub, genetik qatlar üzrə torpaq nümunələri götürülüb. Eyni zamanda, bu rayonun digər bir neçə kəndinin və İsmayıllı, Kürdəmir rayonlarının ərazilərində də torpaq kəsimləri qoyulub və nümunələr götürülüb.
Tədqiqatlar davam etdirilir.