DÜNYA
Əl-Əzhərin Ekstremizmə Qarşı Komissiyası islamofobiya ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıb
Qahirə, 17 iyun, AZƏRTAC
Əl-Əzhərin Ekstremizmə Qarşı Komissiyası islamofobiya ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə qeyri-İslam ölkələrində müsəlmanların hüquqlarının və məscidlərin qorunması məqsədilə yerli qanunvericilikdə müvafiq əlavələrin edilməsinin, islamofobiyanın cinayət hesab edilməsinin vacibliyi qeyd olunub. Bəzi Avropa ölkələrində İslama qarşı nifrət çağırışları ehtiva edən çıxışların geniş yayıldığını diqqətə çatdıran Əl-Əzhər qeyd bildirib ki, Almaniyanın “Brandeiling” qeyri-hökumət təşkilatının məlumatına görə, bu ölkədə 2014-2021-ci illərdə məscidlərə 768 hücum qeydə alınıb. Bundan başqa, Almaniyada bu ilin birinci rübündə islamofobiya zəminində 83 cinayət baş verib. Bu cür mənfi halların qarısını almaq məqsədilə parlamentə təqdim edilən qanun layihəsini isə 709 millət vəkilindən cəmi 69-u dəstəkləyib.
Qeyd edək ki, Misirin Dar əl-İfta qurumu 2015-ci ildə islamofobiya ilə bağlı müşahidə komissiyası təsis edib. Bu komissiya Qərb ölkələrində İslam dini barədə yanlış təsəvvürlərin qarşısının alınması istiqamətində müxtəlif layihələr həyata keçirir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə