İQTİSADİYYAT
Elektrik enerjisindən qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Bakı, 5 oktyabr (AZƏRTAC). “İsmayıllı” Elektrik Şəbəkəsi Müəssisəsində elektrik enerjisindən qeyri-qanuni istifadənin qarşısının alınması ilə bağlı xeyli işlər görülmüşdür və bu istiqamətdə tədbirlər davam etdirilir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, keçirilmiş reydlər zamanı ilin əvvəlindən bəri 265 qayda pozuntusu faktı aşkar edilərək 929,4 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin 55,8 min manata yaxın istehlak dəyəri bərpa olunmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində həmin məbləğin 33 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Bu müddətdə elektrik enerjisindən kənar xətt vasitəsilə istifadə edilməsi halları üstünlük təşkil etmiş və ən çox qayda pozuntusu məişət abonenti (əhali) istehlakçı qrupunda aşkar olunmuşdur.