İQTİSADİYYAT
Elektron xidmətlərin genişləndirilməsi və inkişafına dair Dövlət Proqramı layihəsinin ictimai müzakirəsi keçirilmişdir
Bakı, 12 iyul (AZƏRTAC). İyulun 12-də “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” layihəsinin ictimai müzakirəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuşdur.
Tədbirdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Ülvi Mehdiyev ölkədə “Elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təşkili istiqamətində əldə olunmuş nailiyyətləri qeyd edərək, bu sahədə qarşıya qoyulmuş prioritetlərə çatmaq üçün hazırlanan yeni Dövlət Proqramının məqsəd və hədəfləri barədə məlumat vermişlər.
Qeyd olunmuşdur ki, “Elektron hökumət” portalından təxminən 40-a yaxın dövlət qurumu qeydiyyatdan keçmiş və hər ay bu portala 50 min istifadəçi müraciət edir. Son bir ildə Bakı və Sumqayıt şəhərlərində yerləşən “ASAN xidmət” mərkəzlərinə 250 mindən çox vətəndaş müraciət etmişdir. Yaxın günlərdə Gəncədə də bu xidmət fəaliyyətə başlayacaqdır.
Sonra mövzu ilə bağlı çıxışlar dinlənilmiş, müvafiq təkliflər verilmişdir.