SİYASƏT
Əli Məsimli: Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlər kifayət qədər yüksək səviyyədədir
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan öz xarici siyasətində bütün ölkələrlə qarşılıqlı faydalılıq prinsipi, hörmət, ehtiram əsasında inkişaf etdirilməsinin tərəfdaşı kimi çıxış edir. Bu özünü Azərbaycanın Bosniya və Herseqovina arasında münasibətlərdə də çox qabarıq şəkildə göstərir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli deyib.
O bildirib ki, Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi münasibətlər kifayət qədər yüksək səviyyədədir: “Azərbaycanla Bosniya və Herseqovina beynəlxalq təşkilatlar çərçivəsində bir-birini bütün məsələlərdə dəstəkləyir. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçin də bildirdiyi kimi, Bosniya və Herseqovinada hər hansı bir çətinlik baş verən vaxtlarda Azərbaycan hər zaman onların yanında olmuşdur. Azərbaycan Prezidentinin bildirdiyi kimi, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir”.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Bosniya və Herseqovina parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bakı və Sarayevo hələ ötən əsrin 70-ci illərindən qardaşlaşmış şəhərlərdir.
Son vaxtlar Azərbaycan ilə Bosniya və Herseqovina arasında ticari-iqtisadi əlaqələr də yüksək dinamizm şəraitində sürətlə inkişaf edir. Amma mütləq rəqəmlər baxımından yanaşdıqda ticari-iqtisadi əlaqələrin genişlənməsi imkanlarından dolğun şəkildə istifadə edilməsinə ehtiyac var. Azərbaycanla Bosniya və Herseqovina arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə çox ciddi və perspektivli bir sənəd kimi iki ölkə arasında gələcək inkişafın istiqamətlərini göstərir.
“Hesab edirik ki, Azərbaycan Prezidentinin Bosniya və Herseqovina səfəri və bu səfər zamanı əldə edilən razılıqlar ölkələrimiz arasında həm ikitərəfli, həm də beynəlxalq qurumlar səviyyəsində münasibətlərə yeni çalalar gətirilməklə güclənməsinə, eləcə də ticari-iqtisadi, investisiya, enerji, nəqliyyat, humanitar, turizm və digər sahələrdə əməkdaşlıq üçün mövcud olan imkanlardan daha dolğun şəkildə istifadə olunmasına öz töhfəsini verəcək. Bu isə öz növbəsində Azərbaycan Bosniya və Herseqovina arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində yeni inkişaf mərhələsinə keçməsinə yaxşı impuls olacaqdır”,- deyə deputat qeyd edib.