ELM VƏ TƏHSİL
“Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” mövzusunda IV beynəlxalq konqres keçirilir
Bakı, 8 iyul, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” mövzusunda IV beynəlxalq konqresi işə başlayıb. Tədbirin keçirilməsində əsas məqsəd son illərdə müvafiq sahələrdə aparılan yeni tədqiqatları təqdim etmək, eləcə də alim, mühəndis və gənc tədqiqatçılar arasında əməkdaşlıq imkanlarını genişləndirməkdir.
AZƏRTAC ict.az saytına istinadla xəbər verir ki, Sankt-Peterburq Politexnik Dövlət Universitetinin təşkilatçılığı ilə onlayn təşkil olunan konqresdə proqram mühəndisliyi, elektrik mühəndisliyi, təhsil texnologiyaları, nanomühəndislik, nanotexnologiyalar, texnologiya və innovasiya kimi mövzularda məruzələr dinlənilir.
İyulun 9-dək davam edəcək tədbirə Azərbaycan da daxil olmaqla ABŞ, Rusiya, İtaliya, Türkiyə, Gürcüstan və digər ölkələrdən onlarla alim və tədqiqatçı qatılıb.
Qeyd edək ki, “Elm, mühəndislik və texnologiya sahəsində yeni trendlər” konqresi 2017-ci ildən başlayaraq Barselona, Roma, Praqa şəhərlərində keçirilib.