İQTİSADİYYAT
Əmək haqlarının artırılması nəzərdə tutulur
Bakı, 14 aprel (AZƏRTAC). Dövlət büdcəsinin əlavə gəlirləri hesabına əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə, əmək haqlarının artımının həyata keçirilməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında maliyyə naziri S.Şərifov demişdir. Onun sözlərinə görə, bu, dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda, o cümlədən təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi sferasında çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqlarının artımına imkan verəcəkdir. Maliyə Nazirliyi və əlaqədar dövlət qurumları tərəfindən aparılan büdcə dəqiqləşdirilmələri zamanı sosial müavinətlərin və təqaüdlərin, o cümlədən yaşa, əlilliyə, ailə başçısını itirməyə, uşağın anadan olmasına görə, müharibə veteranlarına verilən müavinətlərin, məcburi köçkünlərə verilən yemək xərcinin, şəhid ailəsi və müharibə əlilləri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün və digər sosial ödənişlərin və müavinətlərin artırılması da təmin ediləcəkdir. Bundan əlavə, gənc nəslin aparıcı qüvvələrindən olan ali, orta ixtisas, ilk peşə ixtisas təhsili sistemində oxuyan tələbə və şagirdlərə, doktorantlara verilən təqaüdlərin artırılması nəzərdə tutulur.
Bütövlükdə qeyd olunan sosial müdafiə tədbirləri təxminən 3 milyon nəfərdən çox şəxsə şamil ediləcəkdir.