CƏMİYYƏT
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti əmək yarmarkasını Goranboyda keçirib
Bakı, 29 avqust (AZƏRTAC). Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti əmək yarmarkası Goranboy rayonunda keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, bu fəal məşğulluq tədbirində işsiz və işaxtaranlara rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən, ümumilikdə, 251 boş (vakant) iş yeri təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub. Yarmarkada 50 nəfər vətəndaşa vakant iş yerlərinə göndəriş verilib.