ELM VƏ TƏHSİL
“ENOTES” layihəsi çərçivəsində əməkdaş universitetlərin akademik heyəti Litvanın Kaunas şəhərində təlimlərdə iştirak edir
Bakı, 18 fevral (AZƏRTAC). “ENOTES” layihəsi çərçivəsində əməkdaş universitetlərin akademik heyəti Litvanın Kaunas şəhərində təlimlərdə iştirak edir.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, Tempus proqramı tərəfindən maliyyələşdirilən və bu ali məktəbin kordinatoru olduğu layihənin əsas məqsədi ECDL milli test mərkəzlərinin əməkdaş universitetlərdə qurulmasını təşkil etməkdir. Layihə vasitəsilə ölkənin ali təhsil ocaqlarında informasiya texnologiyaları bacarıqlarının inkişaf etdirilməsi və bununla da milli təhsil sisteminin təkmilləşdirilməsi, təlim tədris prosesində müasir metodlardan istifadə və informasiya texnologiyaları biliklərində beynəlxalq standartların tətbiqi hədəflənmişdir.
Litvanın İnformasiya Texnologiyaları İnstitutu tərəfindən təşkil edilən təlimlərdə Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Turizm İnstitutu, Bakı Biznes Universiteti, Naxçıvan Özəl Universiteti və Qafqaz Universitetindən nümayəndələr qatılmışlar.
Seminarlarda ECDL sertifikatlarının ölkədə tətbiqi prosesində promosiya strategiyasının təşkili, Avropanın İnformasiya Kommunikasiyaları Gündəliyi, sertifikatın lokallaşdırılmasının Litva təcrübəsi, nəşr olunacaq ədəbiyyatla bağlı tələblər, nümunə testləri, ECDL Litvanın digər yerli universitetlərlə əməkdaşlığı müzakirə edilmişdir.
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Tempus proqramı Təhsil Mədəniyyət Agentliyi tərəfindən idarə edilir. Proqram tərəfdaş ölkələr - Qərbi Balkanlar, Şərqi Avropa, Mərkəzi Asiya, Şimali Afrika və Orta Şərq ölkələri daxil olmaqla 27 ölkəni əhatə edərək ali təhsilin modernləşdirilməsini hədəfləyir.