SİYASƏT
ERMƏNİ HƏKİMLƏR BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ 15 MİN TÜRK ƏSGƏRİNİ KOR ETMİŞLƏR
AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyənin Adana vilayətindən olan tarixçi Cəzmi Yurtsevər Birinci Dünya muharibəsində Ərəbistan cəbhəsində ingilislərə əsir düşmüş 150 min türk əsgərindən 15 mininin Misirdəki əsir düşərgəsində kor edildiyini bildirir.
C.Yurtsevər bildirmişdir ki, erməni həkimlər təmizlik bəhanəsi ilə türk əsirlərinin çimdiyi hamamın suyuna “kerasol” adlı kimyəvi maddə qarışdıraraq bu vəhşiliyi törətmişlər. Tarixçi alim Türkiyə Böyük Millət Məclisini (TBMM) insanlığa yaraşmayan bu hərəkəti bütün dünyaya çatdırmağa çağırmışdır.
C.Yurtsevər vurğulamışdır ki, 1917-ci il noyabrın əvvəllərində osmanlı ordusunun 13 min əsgəri həlak olmuş, 12 minə yaxın əsgər əsir düşmüşdür. Əsir türk əsgərləri üçün Misirdə düşərgələr qurulmuşdu. Ədirnə vilayətinin millət vəkilləri Faiq və Şərəf bəyin Atatürkə çatdırdıqları sənəddə 15 min türk əsgərinin istifadə etdiyi suya həddindən artıq “kerasol” qatılaraq hamamda kor edildiyi, bu işi törədənlərin ingilis və erməni həkimlər olduğu yazılmışdı. Sənəddə, həmçinin, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi tələb olunurdu.
Avstraliya və İngiltərənin müharibə arxivlərini araşdırdığını deyən tarixçi arxivdə “JO1208” kod nömrəli türk əsgərlərinin təmizlik bəhanəsi ilə hamamda məcburi şəkildə çimizdirilməsinə dair şəkilə rast gəldiyini diqqətə çatdırmışdır.