DÜNYA
Erməni hüquq müdafiəçisindən Amerika Prezidentinə kəskin məktub
Bakı, 4 mart (AZƏRTAC). Ermənistanda fəaliyyət göstərən Helsinki Vətəndaş Assambleyasının vanadzor ofisinin rəhbəri Artur Sakunts Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidentinə məktub göndərmişdir.
Ermənistan KİV-nin verdiyi məlumata görə məktubda ABŞ Prezidentinə müraciət olunaraq deyilir ki, siz seçkini saxtalaşdıraraq qalib gəlmiş bir adamı təbrik etməklə erməni xalqının demokratiyaya inamını tamamilə məhv etdiniz. Siz Ermənistanda prezident seçkilərinin saxtalaşdırılmasına görə məsuliyyət daşıyırsınız. Bundan sonra Ermənistanda demokratiya və insan hüquqlarından danışmaq sadəcə olaraq yersiz və gülünc görünər.
Müəllif yazır ki, sizin belə mövqeyiniz yalnız mənim yox bütün erməni xalqının dərin təəssüf hissi keçirməsinə səbəb olmuşdur.
Yəqin ki, siz bu məktubdan sonra Ermənistanda hakimiyyəti cinayətkarlıq yolu ilə zəbt edənləri təbrik etməyinizin səbəblərini açıqlayacaqsınız.
Xatırladaq ki, məktub martın 4-də ABŞ-ın Yerevandakı səfirliyi qarşısında keçirilən kütləvi aksiyada da oxunmuşdur.