İQTİSADİYYAT
Əsas quru yük terminalında yük dövriyyəsinin həcmi rekord həddə çatmışdır
Bakı, 11 fevral (AZƏRTAC). Ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanının (BBDTL) əsas quru yük terminalında yük dövriyyəsinin həcmi 1 milyon 120 min tona çatmışdır ki, bu da əvvəlki illə müqayisədə 35 faiz çoxdur. Bu göstərici son 15 ildə limanın yük daşımaları tarixində rekord rəqəmdir.
BBDTL-dən AZƏRTAC-a bildirmişlər ki, ötən il ümumilikdə limanda yük dövriyyəsi 6 milyon 700 min ton təşkil etmişdir, bu isə əvvəlki ilə nisbətən 16 faiz çoxdur. Neft terminalında yük daşımalarının həcmi 1 milyon 740 min ton olmuşdur. Bu, əvvəlki ilin müvafiq dövründəkindən 13 faiz azdır. Bərə limanında həmin göstəricilər 3 milyon 830 min ton və 31 faiz təşkil etmişdir.
Ötən dövr ərzində liman təxminən 9 min 230 İFE (iyirmi futluq ekvivalent) tranzit konteyneri qəbul edib yola salmışdır. Bu, əvvəlki illə müqayisədə 40 faiz azdır.