İDMAN
Fabio Kapello vəzifəsindən azad ediləcəyi halda 30 milyon avroya qədər kompensasiya alacaqdır
Bakı, 2 iyul (AZƏRTAC). Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqı (RFİ) ilə 2018-ci ilə qədər kontrakt bağlamışdır. İTAR-TASS agentliyi RFİ-dəki anonim mənbəyə istinadla bildirir ki, əgər Braziliyada dünya çempionatı başa çatandan sonra RFİ bu kontraktı ləğv etməyi qərara alarsa, Kapello sanballı kompensasiya alacaqdır.
Kontraktın birtərəfli qaydada pozulacağı halda baş məşqçiyə ödənilməli kompensasiyanın məbləği, müxtəlif hesablamalara görə, 25 milyon dollardan 30 milyon avroya qədər olacaqdır.
Mənbə bildirmişdir: “Braziliyada dünya çempionatı üçün seçmə dövrədə uğurlu çıxışdan sonra Kapello ilə RFİ arasında kontraktın şərtləri dəyişmişdir. Belə ki, kontraktın birtərəfli qaydada pozulmasına görə hər iki tərəf üçün dəbbə pulu təqribən 5 milyon dollar olduğu halda indi həmin məbləğ 25 milyon dollar səviyyəsindədir”.
Rusiya KİV-ləri bildirirlər ki, RFİ ilə kontraktın vaxtından əvvəl pozulmasına görə kompensasiya 30 milyon avroya bərabərdir.
Xatırladaq ki, Rusiya yığması 2014-cü il dünya çempionatında bu adlı-sanlı italiyalı mütəxəssisin rəhbərliyi altında çox uğursuz çıxış etmiş, “H” qrupunda cəmi 2 xal toplayaraq üçüncü yeri tutmuş və pley-off mərhələsinə keçə bilməmişdir.
Rusiya yığması mundialda mübarizəni dayandırandan sonra milli komandanın məşqçisinin dəyişdirilməsi barədə çağırışlar səslənməyə başlamışdır. 2014-cü il dünya çempionatı başlanandan bir qədər əvvəl Kapello ilə RFİ arasında kontraktın müddəti 2018-ci ilə qədər uzadılmışdır.
Kapellonu milli komanda üçün oyunçular seçilməsində kadr siyasətini pozmaqda təqsirləndirirlər. Dövlət Dumasının deputatları Kapellonun seçdiyi futbolçuların antropometrik göstəricilərindən narazı olduqlarını bildirmişlər.
Deputatlar oktyabr ayında Kapellonu parlament dinləmələrinə dəvət etmək istəyirlər. Parlament üzvlərindən biri isə bu günlərdə italiyalı mütəxəssisə müraciət edərək onu aldığı qonorarın heç olmasa yarısını qaytarmağa çağırmışdır.