İDMAN
“Fənərbağça” “Qəbələ”ni qardaş klub elan etmişdir
Qəbələ, 8 iyul (AZƏRTAC). Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ” və “Fənərbağça” klublarının boks komandalarının yoldaşlıq görüşü ilə bağlı mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” klubunun boks bölməsinin rəhbəri Fariz Məmmədov yarışa “Fənərbağça”nın ən güclü boksçularının gəldiyini bildirərək demişdir: “Bizim “Fənərbağça” ilə sıx əlaqələrimiz vardır. Bu klubdan bizə dedilər ki, dəvət etsəniz, böyük məmnuniyyətlə gələrik. Təşəbbüskar isə hakim dostumuz Kibar Tatar oldu.
F.Məmmədov çalışdığı klubda boks bölməsinin cəmi beş ay əvvəl yaradıldığını xatırlatmış, komandanın ötən müddətdə ən böyük uğurlarından birinin məhz “Fənərbağça” ilə Qəbələdə keçirilən yoldaşlıq görüşü olduğunu bildirmişdir.
“Klubumuzun rəhbərliyi qarşımıza böyük planlar qoymuşdur. Boks bölməsinə əsasən gənc və perspektivli idmançıları seçmişik. Bu işdə baş məşqçi Lazaro Himenes Martines fəal iştirak etmişdir. O, 50-dək çox boksçu arasından seçim aparmışdır. Artıq Qəbələ şəhəri boks üzrə milli yığma komandamız üçün bazadır. Hamı burada məşq edir. Dəvətimizi qəbul edərək Qəbələyə gələn “Fənərbağça”ya minnətdaram”, - deyə “Qəbələ” klubunun təmsilçisi vurğulamışdır.
“Fənərbağça” klubunun boks bölməsinin rəhbəri Mert Öztemel Qəbələyə türk qardaşları ilə görüşmək və dostluq naminə gəldiklərini diqqətə çatdıraraq demişdir: “Artıq dörd gündür buradayıq. Hər şey istədiyimizdən də yaxşıdır. Komandamız Türkiyə millisinin üzvlərindən ibarətdir. Onlardan dördü böyük, dördü isə gənclərdən ibarət milli komandalarda çıxış edir. Bu gündən “Qəbələ”ni qardaş klub elan edirik və hər il görüşmək istəyirik. Qoy, hər iki komanda görüşlərin nəticəsindən asılı olmayaraq, dostluq qazansın”.