ELM VƏ TƏHSİL
Fənlər üzrə test topluları yeni əlavələrlə nəşr olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
“Abituriyent” jurnalının xüsusi buraxılışı olan Azərbaycan dili, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə test topluları yeni əlavələrlə nəşr olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, təqdim olunan test topluları əsaslı şəkildə yenidən işlənib və toplulara 2014-cü ilin nəşrlərində olmayan, təxminən 23 min yeni test tapşırığı əlavə olunub.
Toplulardakı tapşırıqlar TQDK tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda - ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahanlarında istifadə olunmuş tapşırıqlardan, habelə “Abituriyent” jurnalının ayrı-ayrı nömrələrində dərc edilmiş model testlərdən ibarətdir. Test tapşırıqlarının 25 faizi heç bir imtahanda istifadə olunmamış tapşırıqlardır. Bunlar test bankındakı tapşırıqların bütün modellərini əhatə edir və gələcəkdə imtahanlara düşməsi istisna olunmur. Toplulara 2015-ci ildə ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanlarında istifadə olunmuş test komplektləri də daxil edilib.
Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayacaq. Fənn müəllimləri və metodistlər təlim prosesində bu test variantlarından qiymətləndirilmə vasitəsi kimi istifadə edə biləcəklər. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxlamaq və artırmaq imkanı əldə edəcək.
Abituriyentlərin isə bu testlərdən istifadə etməklə öyrəndiklərini hərtərəfli yoxlamaq imkanı olacaq. Testlər üzərində iş onların imtahana həm də psixoloji hazırlığında əhəmiyyətli rol oynayacaq. Toplulardakı tapşırıqlardan, eyni zamanda, ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında test modelləri kimi istifadə ediləcək.
Test toplularını TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək olar: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m, Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.