İQTİSADİYYAT
Fevralda 26 mindən çox daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb
Bakı, 17 mart, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı göstərilən xidmətlərdə operativliyə, şəffaflığa, vətəndaş məmnunluğuna xüsusi önəm verir. Bu sahədə tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə imkan yaradıb. Belə ki, fevral ayı ərzində 26 min 194 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, bu, ötən ilin fevral ayı ilə müqayisədə 8,1 faiz çoxdur.
Aylıq göstəricinin 7587-si (17,02 faizi) ilkin, 18 min 607-si (82,98 faizi) isə təkrar qeydiyyatın payına düşüb.
Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 3718-i fərdi yaşayış və bağ evi, 6293-ü mənzil, 15 min 302-si torpaq sahəsi, 269-u qeyri-yaşayış binası, 534-ü qeyri-yaşayış sahəsi, 71-i əmlak kompleksi, 7-si isə çoxmərtəbəli yaşayış binasıdır.
Qeyd edək ki, cari ilin fevral ayı ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakların 6727-si Bakı şəhərinin, qalanları isə bölgələrin payına düşür.