CƏMİYYƏT
FHN-in Bakı Regional Mərkəzində tədbir: Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olub



Bakı, 22 sentyabr, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlər göstərib. Dahi Rəhbər bütün siyasi fəaliyyəti dövründə azərbaycanlıların birliyinin yaranmasına, müstəqil dövlətimiz ətrafında sıx birləşməsinə və vahid milli ideya ətrafında toplaşmasına nail olmaq yolunda yorulmadan səy göstərib.
Bu fikirlər sentyabrın 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin "Heydər Əliyev İli"nə həsr olunmuş "Milli tariximizin Heydər Əliyev dövrü tərəqqi və inkişaf mərhələsi olmuşdur" mövzusunda keçirdiyi tədbirdə səslənib.
Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxışında Ümummilli Liderin dahi uzaqgörənliklə ölkəmizin və xalqımızın tərəqqisi üçün düşünülmüş siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin dünya birliyinin layiqli üzvünə çevrildiyini bildirib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, eyni zamanda, ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev qeyd edib ki, zəngin idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin milli və bəşəri normalara əsaslanan uzunmüddətli inkişaf konsepsiyasını işləyib hazırlayıb, onu dəqiqliklə həyata keçirib. Bugünkü müstəqil, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycan Ümummilli Liderin şah əsəridir.
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və digər çıxış edənlər də xalqımızı zamanın çətin sınaqlarından uğurla çıxarıb müstəqilliyə qovuşduran Ümummilli Liderin mənalı ömür yolundan, Vətən və xalq qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs ediblər.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.