CƏMİYYƏT
FHN: Ötən sutka 31 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 29 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 28 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla üç nəfər, o cümlədən Şəki şəhərinin İnçə kəndində “ВАЗ” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalmış bir nəfər xilas olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.