ELM VƏ TƏHSİL
“Folklor həm keçmiş, həm də bu gündür” kitabı çapdan çıxıb
Bakı, 15 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanovun “Folklor həm keçmiş, həm də bu gündür” kitabı çapdan çıxıb.
Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil nəşriyyatında çap olunmuş kitaba müəllifin son illərdə yazdığı folklor, xalqlararası folklor əlaqələri, folklorşünaslığın müxtəlif problemləri ilə bağlı məqalələri (“Nağıllar barədə bir neçə söz”, “Bamsı Beyrək boyunda gülüş kultu və obrazın ikiləşməsi”, “Eposda tarixilik”, “Ustad aşıq və tarixi ənənə”, “Folklorun toplanması və sistemləşdirilməsində bəzi təməl prinsiplər”, “Qarabağ folkloru”, “Folkor həm keçmiş, həm də bu gündür” və s.) və bir müsahibəsi daxil edilib.
Kitabın elmi redaktoru filologiya elmləri doktoru Səbinə İsayevadır. M.Kazımoğlu həm də “Müasir Azərbaycan nəsrində psixologizm”, “Gülüşün arxaik kökləri”, “Xalq gülüşünün poetikası”, “Folklorda obrazın ikiləşməsi”, “Epos, nəsr, problemlər” və “Portretlər” kitablarının müəllifidir.