CƏMİYYƏT
“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib
Bakı, 8 avqust (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında “Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mərkəzin, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşları iştirak edib.
Nəzəri və praktik olmaqla iki hissədən ibarət tədbirin nəzəri hissəsində “Fövqəladə halların təsnifatı”, “Təbii fövqəladə hallar zamanı nə etməli?”, “Yanğın zamanı nə etməli?”, “Terror xarakterli fövqəladə hallar zamanı nə etməli?” mövzularında çıxışlar institutun həkim heyətinin diqqətinə çatdırılıb.
Tədbir iştirakçılarına təbii və texnogen xarakterli fövqəladə hallar, onların xüsusiyyətləri, fövqəladə hal baş verdikdə davranış qaydaları, qaz cihazlarından istifadə zamanı təhlükəsizliyin təmin edilməsi ilə bağlı ətraflı məlumat verilib.
Sonra FHN-in fəaliyyət istiqamətləri və struktur qurumları, eləcə də yanğın təhlükəsizliyi barədə videoçarxlar təqdim olunub.
Praktik hissədə xəstəxananın həyətində əvvəlcədən müəyyən olunmuş təlim nöqtələri üzrə Bakı Regional Mərkəzinin “Sprinter” (Mercedes Benz) markalı xüsusi təyinatlı avtomobili və onun spesifik alət və avadanlığı, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xüsusi olaraq əraziyə gətirilmiş akvalanq, xilasetmə və üzmə vasitələri nümayiş etdirilib.
Mülki Müdafiə Qoşunlarının fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları, FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarında istifadə olunan texnika və avadanlığı, xüsusi kinologiya avtomobili, texnika və vasitələri göstərilib. Onlardan istifadə qaydaları tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bundan əlavə, klinik xəstəxananın həyətində partlayıcı qurğunun qoyulması simulyasiya olunub. Partlayıcı qurğu Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji idarəsinin xüsusi təlim keçmiş iti tərəfindən tapılıb və pirotexnik tərəfindən zərərsizləşdirilib.