DÜNYA
Fransada COVID-19 səbəbli ölümlərin əksəriyyəti “omikron”un payına düşür
Bakı, 28 yanvar, AZƏRTAC
Fransada COVID-19 virusuna yoluxma nəticəsində baş verən ölümlərin əksəriyyəti hazırda “omikron” ştamının payına düşür.
AZƏRTAC Fransa telekanallarına istinadla xəbər verir ki, bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin cümə günü yayılan hesabatında yer alıb.
“Yanvarın 17-dən 23-dək olan dövrdə xəstəxanalardakı pasiyentlər arasında əsas ölüm halları (57 faiz) “omikron” variantı səbəbindən baş verib”, - hesabatda belə deyilir. Fransanın milli ictimai səhiyyə agentliyinin məlumatına əsasən, həmin dövrdə 1598 koronavirus xəstəsi həyatını itirib. Yanvarın 17-dən 23-dək qeydə alınan yeni yoluxma hallarının 99 faizi məhz “omikron”un payına düşüb.
Fransa hazırda pandemiyanın beşinci dalğasını yaşayır. Yanvarın 25-də növbəti antirekord qeydə alınıb - sutka ərzində ölkədə 500 mindən artıq yoluxma halı aşkarlanıb. Pandemiyanın başlanğıcından bəri koronavirus 130 mindən çox fransızın həyatına son qoyub.
Bazar ertəsi günündən respublikada vaksin buraxılış vəsiqəsinin tətbiqinə başlanılıb. Sənəd yalnız COVID-19 infeksiyasına qarşı tam peyvənd kursunu (buster doza da daxil olmaqla) keçmiş şəxslərə verilir. Yanvarın 27-nə olan vəziyyətə görə, ölkədə 52,6 milyon nəfər vaksinasiya olunub, 34,7 milyon fransalı isə peyvəndin buster dozasını alıb.