DÜNYA
FRANSADA PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURUNDA NİKOLA SARKOZİNİN ŞANSI DAHA BÖYÜKDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, son günlər Fransa ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin diqqəti aprelin 22-də ölkədə keçirilmiş prezident seçkilərinin birinci turunda qələbə qazanmış və ikinci turda prezident kürsüsü uğrunda mübarizə aparan Nikola Sarkozi ilə Seqolen Royala yönəlmişdir.
Parisdə nəşr edilən həftəlik “Pari matç” jurnalında ölkənin statistika idarəsinin apardığı sorğunun nəticələri dərc olunmuşdur. Rəyi soruşulanların 53 faizi mayın 6-da keçiriləcək ikinci turda Xalq Hərəkatı İttifaqı Partiyasının namizədi Nikola Sarkoziyə səs verəcəklərini bildirmişlər.
Aprelin 25-26-da 956 fransız arasında aparılmış sorğu iştirakçılarının 47 faizi isə Sosialist Partiyasından namizədliyi irəli sürülmüş xanım Seqolen Royalı dəstəkləyəcəklərini söyləmişlər.
Yerli müşahidəçilərin fikrincə, ikinci turda keçiriləcək seçkilər zamanı Fransa Demokratiyası İttifaqı Partiyasının lideri Fransua Bayrunun silahdaşları S.Royala səs versələr, bu seçkinin gedişinə təsir edə bilər.