SİYASƏT
FRANSANIN XARİCİ İŞLƏR VƏ AVROPA MƏSƏLƏLƏRİ NAZİRLİYİ AZƏRBAYCAN İLƏ ERMƏNİSTAN ARASINDA ATƏŞKƏS ELAN OLUNMASININ 15-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BƏYANAT YAYMIŞDIR
Bakı, 12 may (AZƏRTAC). Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmasının 15 illiyi ilə əlaqədar Fransanın Xarici İşlər və Avropa Məsələləri Nazirliyi Bəyanat yaymışdır.
Bəyanatda deyilir ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı həllinin nizamlanmasına kömək etmək üçün səylərini davam etdirir. Fransa prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Şərq Tərəfdaşlığı Sammiti çərçivəsində həmsədr ölkələrin təşəbbüsü ilə mayın 7-də Praqada keçirilmiş görüşündən məmnundur. Bu görüş hazırkı danışıqlar prosesinin canlı olduğuna bir nümünədir və onlar arasında bərqərar olmuş münasibətin konstruktiv xarakterini təsdiq edir. Görüş 2007-ci ilin sonlarında Madriddə həmsədrlərin təqdim etdiyi təkliflərin kompromisi mümkün ola bilən bir çox məsələlərini dəqiqliklə təyin etməyə imkan vermişdir.
ABŞ və Rusiya ilə yanaşı, Fransa da münaqişə tərəflərini növbəti görüşlərində, o cümlədən iyunun əvvəlinə nəzərdə tutulmuş Sankt-Peterburq görüşündə daha irəliyə getməyə çağırır.
Sənəddə, həmçinin bildirilir ki, 2009-cu il mayın 11-də iki ölkə arasında böyük miqyaslı döyüşlərə son qoyan atəşkəsin 15-ci ildönümüdür. Fransa davam edən münaqişə nəticəsində hələ də ölən və yaralananların olmasından kədərləndiyini bildirir və tərəfləri ilkin atəşkəsin və onu möhkəmləndirməyə yönəlmiş sonrakı mətnlərin qaydalarına dəqiqliklə riayət etməyə dəvət edir.