İQTİSADİYYAT
Füzulidə ötən ilin sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur
Füzuli, 28 fevral (AZƏRTAC). Füzuli rayonunda 2012-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda ötən il rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının uğurla davam etdirildiyi, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, ötən il Horadiz şəhərində 3,5 hektar ərazidə Heydər Əliyev adına park salınmış, ulu öndərin abidəsi, onun yaxınlığında 33 metr hündürlükdə Azərbaycanın Dövlət bayrağı ucaldılmışdır. Dövlət başçısının 2012-ci il dekabrın 15-də Füzuli rayonuna səfəri zamanı bu obyektlər, həmçinin Əhmədbəyli kəndi ərazisində soyuducu anbar kompleksi və Bala Bəhmənli kəndində Su Elektrik Stansiyası istifadəyə verilmişdir.
Dövlət başçısının 17 dekabr 2012-ci il tarixli Sərəncamı ilə rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Prezidentinin ehtiyat fondundan iki milyon manat ayrılmışdır. Yaxın günlərdə 40 çarpayılıq mərkəzi xəstəxananın, rayon icra hakimiyyəti üçün inzibati binanın, 320 şagird yerlik gimnaziyanın, Qazaxlar, Mollaməhərrəmli və Araz Zərgər kəndlərində orta məktəb binalarının tikintisinə başlanacaqdır.
Yığıncaqda rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahədə əldə olunan uğurlardan bəhs olunmuşdur.
Yığıncaqda rayonda təhsil, səhiyyə, idman, mədəniyyət, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması sahələrində görülmüş işlər ətraflı təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Prezident Administrasiyasının məsul əməkdaşı Pənah Cahangirov və Milli Məclis Sədrinin müavini Bahar Muradova yığıncaqda çıxış edərək ölkədə sosial-iqtisadi sahədə gedən inkişafdan və qarşıda duran vəzifələrdən danışmış, tövsiyələr vermişlər.