İQTİSADİYYAT
Gələn il Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinədək paytaxtın nəqliyyat şəbəkəsi tam hazır vəziyyətə gətiriləcəkdir
Bakı, 20 may (AZƏRTAC). Nəqliyyat Nazirliyinin mətbuat xidməti katibliyinin rəhbəri Namiq Həsənov AZƏRTAC-a bildirmişdir ki, gələn il Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinədək paytaxtımızda yol-nəqliyyat şəbəkəsi tam hazır vəziyyətdə olacaqdır. İndi Bakının müxtəlif yerlərində, o cümlədən Qələbə, Azadlıq, Azneft meydanlarında, Neftçilər, Parlament, Heydər Əliyev, Bülbül prospektlərində, Ziya Bünyadov, Zərifə Əliyeva küçələrində müxtəlif yol nəqliyyat qovşaqları tikilir.
N.Həsənov demişdir ki, Şəhidlər xiyabanının qarşısında müasir tipli keçid tikilir, bununla yanaşı, bir sıra yollar da istifadəyə veriləcəkdir. Həmçinin Mərdəkan-Bilgəh-Sumqayıt yolunda da işlər sürətlə aparılır, artıq bu istiqamətdə işin böyük hissəsi görülmüşdür. Bu işlər isə paytaxtın yol-nəqliyyat infrastrukturunu mükəmməlləşdirməklə yanaşı, əhalinin rahatlığına xidmət edir.