CƏMİYYƏT
Gəncə sakininin arvadına xəsarət yetirdikdən sonra intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 11 noyabr, AZƏRTAC
Noyabrın 10-da saat 21 radələrində Gəncə şəhərinin Nizami rayonu ərazisində 1982-ci il təvəllüdlü Hüsniyyə Quliyevanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Gəncə Şəhər Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1965-ci il təvəllüdlü Səttar Cəlilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Hüsniyyə Quliyevanı qəsdən öldürməyə cəhd etməsinə, sonra özünün ürək nahiyəsinə bıçaq xəsarəti yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.