REGİONLAR
Gəncədə baytarların zona müşavirəsi keçirilmişdir
Gəncə, 17 fevral (AZƏRTAC). Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) Gəncədə 2010-cu ildə baytarlıq xidməti sahəsində görülmüş işlər və cari ildə bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş zona müşavirəsi keçirmişdir.
AZƏRTAC xəbər verir ki, respublikamızın qərb bölgəsi rayonlarında fəaliyyət göstərən baytarlıq idarələri, zona baytarlıq laboratoriya və diaqnostika kabineti rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə DBX-nin rəisi Sialə Rüstəmova 2010-cu ildə görülmüş işlərə dair məruzə ilə çıxış etmişdir. Məruzəçi, həmçinin cari ildə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırmışdır.
Müşavirədə qeyd olunmuşdur ki, keçən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, respublikamızın 60-a yaxın baytarlıq obyektində tikinti və yenidənqurma işləri aparılmış, 10 yeni baytarlıq idarəsi istismara verilmişdir. Laboratoriya və diaqnostika kabinetlərinin maddi-texniki bazası möhkəmləndirilmiş, onların müasir avadanlıqla təminatı qaydaya salınmışdır.
Müşavirədə keçən il ölkə ərazisində müxtəlif xəstəliklərə qarşı aparılan epizootik tədbirlər, bu sahədə yol verilən nöqsanlar təhlil edilmişdir. Müvafiq xidmət strukturlarının rəhbərləri xidmət etdikləri bölgələrdə həyata keçirdikləri tədbirlərə dair hesabatla çıxış etmişlər.
Zona müşavirəsi fevralın 18-də Yevlaxda davam etdiriləcəkdir.