REGİONLAR
Gəncədə içməli su sisteminin yenidən qurulması üzrə işlərin birinci mərhələsi yekunlaşıb
“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a verilən məlumata görə, layihənin ilkin mərhələsində su mənbələrinin bərpası və magistral su xətlərinin çəkilişi işləri aparılıb. Gəncə şəhərinin relyefi və perspektiv inkişafı, həmçinin əhalinin tələbatı nəzərə alınaraq müxtəlif mənbələrdən suyun gətirilməsi məqsədəuyğun hesab edilib. Bu məqsədlə şəhəri içməli su ilə təmin edəcək 3 mənbə - Göygöl və Qızılqaya drenaj sistemləri, həmçinin Şəmkirçay su anbarı seçilib.
Layihənin birinci mərhələsi çərçivəsində Göygöl su mənbəyi üzrə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Bu mərhələdə su mənbəyində məhsuldarlığı saniyədə 200 litr olan drenaj sistemi bərpa edilib, tutumu 4000 kubmetr olan 1 ədəd su anbarı inşa edilib və su mənbəyindən anbaradək 24,5 kilometr uzunluğunda magistral su kəməri çəkilib. Bu mənbə hesabına Gəncə şəhərinin 20 faizi və ya 63 min nəfər sakini 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq. Yaxın günlərdə Gəncə şəhərinə bu mənbədən içməli suyun verilməsinə başlanılacaq.
Şəhəri içməli su ilə təmin edən digər mənbədə - Qızılqayada bərpa işləri həyata keçirilib, 2000 kubmetrlik 1 ədəd su anbarı tikilib, anbarlararası 9,5 kilometr su xətləri çəkilib. Ümumi həcmi 10 min kubmetr olan yeni 2 su anbarının tikintisi isə yekunlaşmaq üzrədir.
Gəncə şəhərinin içməli su tələbatının təxminən 60 faizi Şəmkirçay su anbarından təmin olunacaq. Anbardan götürüləcək su 27,5 kilometr uzunluğunda magistral kəmərlə Qızılqaya ərazisində inşa edilən və sutkalıq məhsuldarlığı 17 min kubmetr olan sutəmizləyici qurğuya ötürüləcək. Hazırda magistral su kəmərinin inşası davam etdirilir.
Su mənbələri və magistral xətlərin yenidən qurulması ilə yanaşı, Gəncə şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılıb. Gələcəkdə Gəncə şəhərində yaranacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənərək zərərsizləşdiriləcək.
Gəncə şəhərində çoxmərtəbəli yaşayış binalarına “Smart-kart” tipli su sayğaclarının quraşdırılmasına da başlanılıb. İndiyədək 119 binada 7 minədək abonent “Smart-kart” sayğaclarla təmin olunub.
Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsindən 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 450 min nəfər faydalanacaq.