İQTİSADİYYAT
Gəncədə keçirilən “Məzun-2014” əmək yarmarkasında 1050 vakant iş yeri təqdim olunmuşdur
Gəncə, 16 may (AZƏRTAC). Azərbaycan Dövlət Aqrar Universitetində “Məzun-2014” əmək yarmarkası keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri universitetin rektoru, professor İbrahim Cəfərov açaraq Azərbaycan Dövlət Aqrar Universitetində ölkə iqtisadiyyatının inkişaf tempinə uyğun olaraq müasir texnologiyalar əsasında yeniləşən istehsal sahələrinin tələblərinə cavab verə biləcək ixtisaslı kadrlar yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır. Qeyd edilmişdir ki, bu tədbirlər içərisində işəgötürənlərlə səmərəli əməkdaşlıq forması olan və hər il keçirilən məzun yarmarkaları mühüm yer tutur. Təcrübə göstərir ki, belə yarmarkalar həm təsərrüfat sahibləri, həm də gənc kadrlar üçün çox sərfəlidir.
Tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev regionların, o cümlədən aqrar bölmənin sürətli inkişafı istiqamətində Prezident İlham Əliyevin imzaladığı sərəncamların əhəmiyyətindən danışaraq qeyd etmişdir ki, Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Yanacağa və gübrələrə görə edilən güzəştlər, sahibkarlara subsidiyaların və güzəştli kreditlərin verilməsi, təsərrüfatların aqrolizinq yolu ilə ən müasir texnikalarla təmin olunması, eləcə də xaricdən gətirilmiş cins düyələrin onlara güzəştli qiymətlərlə satılması nəticəsində məhsul istehsalı ildən-ilə artır.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Nizami Hacıyev, Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənov, universitetin IV kurs tələbəsi Nuranə Məmmədova və başqaları çıxış edərək hər il keçirilən məzun yarmarkalarının əhəmiyyətindən danışmış, təşkilatçılara minnətdarlıqlarını bildirmişlər.
Yarmarkada iştirakçılara 30-dək rayon və şəhərdə fəaliyyət göstərən müəssisə və təşkilatlarda 1050 vakant iş yeri təqdim olunmuşdur. Bundan başqa, 10-dan artıq müəssisə və təşkilat yarmarkada öz satış-sərgisini nümayiş etdirmişdir.
Tədbir çərçivəsində universiteti əla qiymətlərlə bitirmiş məzunların bir qrupuna “Bakcell” şirkəti tərəfindən qiymətli hədiyyələr verilmişdir.