CƏMİYYƏT
Gəncədə məcburi köçkünlərlə görüş keçirilib
Gəncə, 8 avqust (AZƏRTAC, Sabir Əliyev). Gəncədə məcburi köçkünlər üçün yeni salınan qəsəbədə işğal altındakı rayonlardan, o cümlədən Şuşa, Kəlbəcər, Xocalı, Füzuli, Xocavənd və Ağdamdan olan bir qrup sakinlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu vurğulayıb. O, bu istiqamətdə həyata keçirilən digər layihələr barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından, salınan qəsəbələrdə yaradılan şəraitdən razılıqlarını bildiriblər. Onlar dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət nəticəsində tezliklə doğma torpaqlarına qayıdacaqlarına əminliklərini ifadə ediblər.
Kəlbəcər və Xocalı rayonları icra hakimiyyətlərinin başçıları Aqil Məmmədovun və Şahmar Usubovun da iştirak etdikləri görüşdə kreditlərin verilməsi, məşğulluğun təmin olunması, məcburi köçkünlərin müvəqqəti yaşadıqları bölgələrdə aqrar sahənin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb.