REGİONLAR
Gəncədə şəhid mayor Sərxan Muxtarovun xatirəsi anılıb
Gəncə, 14 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Bu gün şəhid mayor Muxtarov Sərxan İlqar oğlunun şəhidlik zirvəsinə yüksəlməsindən bir il ötür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ildönümündə şəhidin ailə üzvləri, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, qazilər, ictimaiyyət nümayəndələri şəhidlik zirvəsinə ucalan Sərxan Muxtarovun məzarını ziyarət ediblər. Onlar şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Qırx dörd günlük Vətən müharibəsindən söz açan mərasim iştirakçıları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Qələbədən, Sərxanın şücaətindən danışıblar.
Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 26 iyun 1988-ci ildə anadan olan Sərxan Muxtarov 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təhsil alaraq leytenant rütbəsi alıb. Hərbi xidmət müddətində mayor rütbəsinə qədər yüksələn Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti Sərxan Muxtarov 27 sentyabr 2020-ci ildən başlayan Vətən müharibəsinin bir çox döyüşlərində və əməliyyatlarında iştirak edib.
Vətən müharibəsi dövründə mayor Sərxan Muxtarov Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin tərkibində Ağcabədi, Ağdam, Qazax, Qubadlı və DSX-da hərbi xidmətdə olub. O, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibə bitdikdən sonra Qubadlı rayonunda xidmətini davam etdirən tabor komandiri Sərxan Muxtarov 2021-ci il yanvarın 12-də həmin yerdə vəzifə başında minaya düşərək şəhid olub. Sərxan Muxtarov Gəncə Şəhidlər xiyabanında dəfn edilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. Şəhidin bir övladı yadigar qalıb.