ELM VƏ TƏHSİL
Genetik Ehtiyatlar İnstitutu Türkiyədə yaradılmış pambıq sortlarını öyrənir
Bakı, 2 iyun, AZƏRTAC
Türkiyə Ərzaq və Kənd Təsərrüfatı Nazirliyi Nazilli Pambıqçılıq Tədqiqat İnstitutunun (NPTİ) üç eksperti may ayında beş gün ərzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda (GEİ) tədqiqat aparıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfərdə məqsəd GEİ ilə NPTİ arasında qarşılıqlı elmi əməkdaşlığın qurulması və bu əməkdaşlıq çərçivəsində pambıq sortlarının mübadiləsini həyata keçirmək olub. Türkiyəli mütəxəssislər onlar tərəfindən yaradılmış pambıq sortları toxumlarını GEİ-nin dayaq məntəqələrinin sahələrində əkiblər. Həmçinin GEİ tərəfindən yaradılmış pambıq sortlarının Türkiyə şəraitində öyrənilməsi məqsədilə hər bir sorta aid toxum qonaqlara təqdim edilib.
Səfər müddətində NPTİ-nin mütəxəssisləri tərəfindən GEİ və Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə “Pambıq sortları və effektiv becərilmə texnologiyaları” mövzusunda təlim kursu keçirilib.