CƏMİYYƏT
Gömrükçülər 439,1 qram tiryək müsadirə edib VİDEO
Bakı, 19 fevral, AZƏRTAC
Gömrükçülər 439,1 qram narkotik vasitə - tiryək müsadirə edib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində Bakı Baş Gömrük İdarəsinin “Xocəsən” gömrük postunda İran İslam Respublikasının vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi “HOWO” markalı yük avtomobilinə baxış keçirilib. Baxış zamanı avtomobilin dartıcısının konstruksiyasına aid olan ramasının arxa hissəsində yerləşən hava balonunun sağ kənarı ilə metal korpusu arasındakı boşluqdan sellofana bükülü bir ədəd bağlamada narkotik vasitə aşkarlanıb.
Ədliyyə Nazirliyi Məhkəmə Edkspertizası Mərkəzinin ekspert arayışına əsasən aşkar olunan bağlamadakı narkotik vasitə təmiz çəkisi 439,1 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdir.
Faktla bağlı araşdırma aparılır.