CƏMİYYƏT
Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi Dövlət Miqrasiya Xidmətində anılıb
Bakı, 28 aprel, AZƏRTAC
Aprelin 28-i görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür. Bu münasibətlə Dövlət Miqrasiya Xidmətinin (DMX) bir qrup əməkdaşı Fəxri xiyabanda görkəmli alimin məzarını ziyarət edib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sərgiyə baxıblar.
Xidmətdə təşkil edilmiş tədbirdə qurumun rəis müavini Pərviz Musayev bildirib ki, Zərifə xanım Əliyeva təkcə oftalmoloq alim kimi yox, həmçinin böyük ictimai və tibb xadimi kimi tanınıb. Ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi ona görə də qədirbilən xalqımızın qəlbində əbədi yaşayır.
Akademik Zərifə xanım Əliyevanın bütövlükdə öz parlaq fəaliyyəti ilə yaddaşlara əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığı, elmin çox məsuliyyətli, çətin yollarında inamla irəliləyərək tibb elminin ən uca pillələrinə yüksəldiyi, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyi qeyd olunub.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı oftalmoloq alimin zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi konkret töhfələrdən danışıb. Qeyd edib ki, akademik Zərifə xanım Əliyevan oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli elmi-tədqiqatların müəllifi olub, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsinə, xüsusilə, ölkəmizdə traxoma infeksion xəstəliyinin kökünün kəsilməsinə böyük əmək sərf edib. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin tərəqqisində müstəsna xidmətləri olan Zərifə xanım Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun əlləri ilə minlərlə xəstə şəfa tapıb.
M.İbrahimqızı deyib ki, Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da xüsusi əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişib.
Tədbirdə ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşdiyi vurğulanıb.
Sonda iştirakçılar kinorejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filminə baxıblar.