İDMAN
Göyçayda keçirilən futbol üzrə “Coca-cola məktəbli kuboku” turnirinin finalçıları məlum olmuşdur
Göyçay, 25 noyabr (AZƏRTAC). AFFA-nın təşkilatçılığı ilə Göyçay rayonunda futbol üzrə “Coca-cola məktəbli kuboku” turnirinin yarımfinal oyunları keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayonda futbolun təbliği və kütləviliyinin artırılması, məktəblilər arasında futbola marağın yüksəldilməsi məqsədi ilə Göyçay Olimpiya İdman Kompleksində keçirilən yarışa məktəblərin V-VII sinif şagirdlərindən ibarət 32 komanda qatılmışdır.
Olimpiya sistemi ilə keçirilən turnirin yarımfinal oyunları zamanı Göyçay şəhər 3 saylı məktəbin V və VII sinif, 6 saylı məktəbin V sinif və Çərəkə kənd məktəbinin VII sinif komandaları rəqiblərinə qalib gələrək finala vəsiqə qazanmışlar.
Yarışın rayon turunun final görüşləri yaxın günlərdə keçiriləcəkdir. Yarışı AFFA-nın, Göyçay rayon Gənclər və İdman İdarəsinin, “Coca-cola” şirkətinin, eləcə də rayon təhsil şöbəsinin, məktəblərin nümayəndələri, futbol həvəskarları izləmişlər. Yarışa azarkeşlik edən şagirdlərə “Coca-cola” şirkəti tərəfindən top və köynəklər hədiyyə edilmişdir.