REGİONLAR
Göyçayda narçılığın inkişafına diqqət artırılır
Göyçay, 27 mart (AZƏRTAC). Son illər Göyçay rayonunda kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətində xeyli işlər görülmüşdür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, son illər Göyçayda fərdi təsərrüfat sahibləri və fermerlər meyvəçiliyə xüsusi maraq göstərirlər. Qış fəslində nar bağlarının salınması üçün nəzərdə tutulmuş torpaq sahələri şumlanmış, əraziyə mineral və üzvi gübrələr verilmişdir. Hazırda isə əkin davam etdirilir. İlin əvvəlindən bu günədək 200 hektardan çox sahədə yeni nar bağı salınmışdır. Bundan əlavə, mövcud bağlara aqrotexniki qulluq göstərilir.
Təkcə son 2 ildə rayonda 1100 hektardan artıq yeni meyvə bağı salınmışdır. Bunun 700 hektarı nar bağlarının payına düşür. Torpaq sahibləri son 5 ildə nar bağlarının ərazisini genişləndirərək 3000 hektara çatdırmışlar.
Narçılığın inkişafına diqqətin artırılması öz bəhrəsini verməkdədir. Ötən il rayonda 30 min tona yaxın nar tədarük edilmişdir. Cari ildə isə məhsuldarlığın daha çox olacağı gözlənilir. Təkcə ötən il nar istehsalı əvvəlki illə müqayisədə 3 min ton, digər meyvələrin istehsalı isə 2 min ton artmışdır.