REGİONLAR
Göyçaylı kümçülər bu il 1200 kiloqram məhsul götürəcəklərinə əmindirlər
Göyçay, 7 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bölgələrdə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər görülür. Ölkəmizdə baramaçılığın inkişafı ilə bağlı təşəbbüslərə göyçaylılar da həvəslə qoşulublar. Bir aydan çoxdur ki, şəxsi təsərrüfatlarında ipəkqurdu yetişdirən Göyçay kümçüləri iki gündür barama tədarükünə başlayıblar. Kümçülərin yetişdirdikləri məhsul əvvəlcədən bağladıqları müqaviləyə əsasən “Şəki İpək” ASC-nin nümayəndələri tərəfindən yerindəcə qəbul edilir.
Göyçay Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, uzun illər fasilədən sonra bu il rayonun 21 yaşayış məntəqəsində baramaçılığın inkişafı üçün tədbirlər görülüb. Qax Damazlıq İpəkçilik Stansiyasından inkubasiya olunmuş 475 qram ipəkqurdu toxumu Göyçaya gətirilərək 21 kümçüyə paylanılıb. Kəndlilər keyfiyyətli məhsul yetişdirməyə nail olublar. Yetişdirilən barama hər kiloqramı 8 manat olmaqla, “Şəki İpək” ASC tərəfindən tədarük edilir. Kümçülər çəkdikləri zəhmətin müqabilində əldə etdikləri qazancdan razıdırlar.
Rayon kümçüləri artıq 350 kiloqram barama tədarük edərək, “Şəki İpək” ASC-yə təhvil veriblər. Barama tədarükünün iyunun 15-dək başa çatdırılması nəzərdə tutulur. Bu il rayonda 1200 kiloqram baramanın tədarük olunacağı gözlənilir. Kümçülər gələn il daha çox barama istehsal etmək üçün bu ilin payız aylarında boş torpaqlarda tut bağlarının genişləndirilməsi üçün tədbirlər görəcəklər.