İDMAN
Güləşçimiz Səbirə Əliyeva dünya çempionatının finalına yüksəlib
Bakı, 8 avqust (AZƏRTAC). Xorvatiyanın paytaxtı Zaqrebdə gənclər arasında güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, çempionatın dördüncü günündə 48, 55, 63 və 72 kiloqram çəki dərəcələrində gənc qızlar mübarizəyə qoşulublar.
Çempionatda 55 kiloqram çəki dərəcəsində təmsilçimiz Solmaz Həşimzadə Tunis, Polşa və Türkiyədən olan rəqiblərini üstələyərək yarımfinala çıxıb. Yarımfinalda Ukrayna güləşçisinə məğlub olan təmsilçimiz bürünc medal uğrunda görüşdə iştirak hüququ qazanıb. O, bürünc medal uğrunda görüşdə Kanada təmsilçisi ilə qarşılaşacaq.
Elmira Qəmbərova (63 kq) ilk görüşdə Rusiya təmsilçisinə uduzsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı əldə edib. Almaniyalı rəqibini üstələyən güləşçimiz bürünc medal uğrunda Monqolustan idmançısı ilə üz-üzə gələcək.
Səbirə Əliyeva (72 kq) finaladək maneəsiz irəliləyib. Ardıcıl olaraq Xorvatiya, Türkiyə və Qazaxıstan təmsilçilərini məğlub edən güləşçimizin həlledici görüşdə rəqibi Rusiya idmançısı olacaq.