REGİONLAR
Günəş Elektrik Stansiyasının tikintisində işlər sürətlə davam etdirilir
Babək, 10 oktyabr, AZƏRTAC
Muxtar respublikada enerji təhlükəsizliyinin tam təmin olunması istiqamətində həyata keçirilən iri layihələrdən biri də bu il Babək rayonunun Xal-xal kəndi yaxınlığında tikintisinə başlanılan 20 meqavat gücündəki Günəş Elektrik Stansiyasıdır.
AZƏRTAC xəbər verir ki, tikintidə layihə üzrə xeyli iş görülüb, günəş panelləri üçün dayaqlar quraşdırılıb və növbəti mərhələdəki işlər aparılır. Hazırda ikinci struktur işlərinin 65 faizi başa çatıb, günəş panellərinin isə 30 faizi quraşdırılıb. İstehsal ediləcək enerjinin şəbəkəyə ötürülməsi üçün lazım olan yarımstansiyaların qurulması və kabel xətlərinin çəkilməsinə də başlanılıb. Günəş Elektrik Stansiyasında işlərin vaxtında başa çatdırılması üçün tikinti sahəsinə 30-dan artıq müxtəlif təyinatlı texnika və 400 nəfərdən çox işçi cəlb olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi ilə Belçika Krallığının “Soltech” şirkətinin bağladığı müqavilə əsasında həyata keçirilən bu iri layihə gələcəkdə Naxçıvanın enerji təminatının tamamilə yerli ehtiyatlar hesabına ödənilməsində mühüm rol oynayacaq.