DÜNYA
Günəş tullantıları Ayın “dərisini soyur”
Bakı, 8 dekabr (AZƏRTAC). Alimlər müəyyən etmişlər ki, Günəşdə tullantılar qumvuran maşın kimi Ayın materiyasını “soyur”.
Tədqiqatın nəticələrini Amerika Geofizika Cəmiyyətinin konfransında açıqlayan alimlər Günəş şüalarının Yer peykinin səthinə və onu bürüyən qaz örtüyünə təsirini hesablamağa imkan verən DREAM kompyuter modelindən istifadə etmişlər. Analiz nəticəsində müəyyən olunmuşdur ki, Günəş tullantıları Ayda güclü eroziya doğurur. Məsələn, iki gün davam edən tipik koronal tullantılar Yer peykinin səthindən 100-200 ton Ay maddəsi çıxara bilər. Tədqiqatçıların fikrincə, belə yüksək göstəricilər Ay səthində hərəkət edən əsas qüvvənin koronal tullantılar olduğunu göstərir. “Icarus” jurnalının noyabr nömrəsində yer almış məqalədə deyilir ki, planetimizdə həyatın formalaşmasında Ayın rolu şişirdilmişdir. Söhbət peykin Yer kürəsinin fırlanma oxunun istiqamətinə sabitləşdirici təsirindən gedir.