SİYASƏT
Güngör Azmi Tuna: Türk dünyasında əlaqələrin genişləndirilməsi üçün bir-birimizi daha yaxından tanımalı və tanıtdırmalıyıq
İstanbul, 20 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın hərtərəfli dəstəyi ilə Türkiyə və Azərbaycanın ortaq mənəvi mirası olan Seyid Yəhya Şirvaninin zəngin və mənalı həyatı haqqında çəkilmiş “Xəzərin Piri Seyid Yəhya Şirvani” sənədli filminin mayın 13-də Türkiyədə təqdimatı keçirilmişdir. Filmin təqdimatının Əskişəhərdə keçirilməsi bu şəhərin 2013-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunması ilə əlaqədardır.
Əskişəhər vilayətinin valisi Güngör Azmi Tuna AZƏRTAC-a müsahibəsində “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ilinin Türkiyə üçün əhəmiyyətindən danışmışdır.
- Hörmətli vali, “Türk Dünyasının Mədəniyyət Paytaxtı” ili münasibətilə 2013-cü ildə görülən işləri necə qiymətləndirirsiniz?
- Əvvəlcə nə üçün məhz Əskişəhərin “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan olunmasına aydınlıq gətirmək istərdim. Hələ səkkiz əsr əvvəl yaşayıb yaratmış Nəsrəddin Hocanın söylədiyi “Əskişəhər dünyanın mərkəzidir” ifadəsi tarixdə özünə möhkəm yer qazana bilmişdir. Adından da göründüyü kimi Əskişəhər qədim bir yaşayış məskənidir. Bura türklərin Anadoluda ilk olaraq yurd saldığı məskənlərdəndir. Bölgədə demək olar ki, bütün türk xalqlarını nümayəndələri məskunlaşmışdır. Osmanlı dövlətinin ilk xütbəsi bu şəhərdə oxunmuşdur. İsmayıl Qaspıralının “dildə, fikirdə və işdə bir olaq” fəlsəfəsinə böyük filosof Yunis İmrənin yanaşması belədir: “gəlin tanış olaq”. Bax, biz də “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olaraq qeyd etdiyim prinsiplər əsasında böyük layihələr həyata keçirə bildik. Türk xalqlarının bir-birini daha yaxından tanıması üçün real işlər gördük. “Türkvizion” Mahnı Yarışması isə 300 milyonluq türk dünyasını televiziya ekranlarında bir araya gətirdi. Necə deyərlər, həm tanındıq, həm tanıtdıq. Ötən dövrdə çox dəyərli nəşriyyat işləri həyata keçirə bildik. Çap etdirdiyimiz kitab və jurnallarda türk xalqlarının, o cümlədən qardaş Azərbaycanın tarixi, mədəniyyət nümunələri, inkişaf göstəriciləri barədə ətraflı məlumatlar yaya bildik.
- Əskişəhərin hansı imkanları vardır?
- Əskişəhər bölgəsinin zəngin təbiəti və tarixi abidələri turistlər üçün böyük imkanlara malikdir. Gözəl iqlimi, nadir eksponatların qorunduğu çoxsaylı muzeylər qonaqlarımız üçün böyük qənimətdir. Müasir hava limanı, Ankara və İstanbul arasında beynəlxalq standartlara uyğun magistralların mövcudluğu vilayətə gediş-gəliş imkanlarını rahatlaşdırır. Bundan başqa, qiymətli təbii ehtiyatları iş adamları və sərmayəçilər üçün də cəlbedicidir. Doğmalığı qoruyan və inkişaf etdirəm amil məsafə deyil qəlblər arasındakı yaxınlıqdır. Bu mənada hesab edirəm ki, türkdilli ölkələrdə qarşılıqlı münasibətlər paytaxtlar arasındakı gediş gəlişlə məhdudlaşa bilməz. Bölgələr arasında birbaşa əlaqələrin inkişafı ölkələrimizin və xalqlarımızın daha da doğmalaşmasının mühüm bir vasitədir.
- Azərbaycan-Türkiyə münasibətləri barədə nə deyə bilərsiniz?
-Təqdimatında iştirak etdiyimiz “Xəzərin Piri Seyid Yəhya Şirvani” sənədli filminin ortaya çıxması xalqlarımızın ortaq mədəniyyətinə və tarixinə önəm verməyimizin göstəricisidir. Seyid Yəhya Şirvaninin yaradıcılığı, dəyərli əsərləri dünya elmi üçün qiymətli hədiyyədir. Bu böyük şəxsiyyət Azərbaycanda dünyaya gəlmiş bir soydaşımızdır. Lakin onun fəaliyyətinin əsas hissəsi Osmanlı dövləti ilə əlaqəli olmuş, fəaliyyəti barədə sənədlər və faktlar da məhz Osmanlı dövlətindən miras qalan mənbələrdən əldə edilmişdir. Görüləsi daha böyük işlər isə hələ qarşıdadır. Azərbaycanın müstəqil dövlət olaraq mövcudluğu və inkişafı ortaq dəyərlərimizi birgə layihələr əsasında üzə çıxarmaq və dünyaya yaymaq şansı yaratmışdır. Müasir dünyanın siyasi düzümü bütün doğma ölkələri və xalqları birgə addımlar atmağı tələb edir. İndiki zamanda hər kəsin dəstəyə ehtiyacı vardır. Aprelin 24-də Prezident İlham Əliyevin Praqada dilə gətirdiyi “Masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” ifadə siyasi mahiyyətinə və fəlsəfi dəyərinə görə tarixdə özünə əbədi qalacaq kəlamdır. Azərbaycan dövləti başçısının bu mövqeyi bir daha xalqlarımızın, ölkələrimizin və dövlətlərimizin qardaşlıq nümunəsi olaraq hər birimizi daha məsuliyyətli olmağa və işgüzar səylərimizi artırmağa səsləyir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul