İQTİSADİYYAT
Gürcüstan Baş nazirinin müavini Georgi Kvirikaşvili Caspian European Club-un fəxri üzvü seçilib
Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili Caspian European Club-un fəxri üzvü seçilib. Üzvlük sertifikatı ona Klubun baş icraçı direktoru Telman Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Tbilisiyə səfəri zamanı təqdim olunub.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nümayəndə heyəti Gürcüstan Prezidenti Administrasiyasının nümayəndələri, hökumət üzvləri, habelə orta və iri biznesi təmsil edən iş adamları ilə görüşlər keçirib. Görüşlərdə biznes-hökumət dialoqunun inkişaf perspektivləri, Azərbaycan və Gürcüstan arasında sərmayə imkanları barədə informasiya mübadiləsi ilə bağlı məsələlər müzakirə edilib.
Qeyd edək ki, yaxın günlərdə Tbilisidə II Beynəlxalq Caspian Energy Forum keçiriləcək. Forumun müzakirəsinə neft-qaz, enerji və ekologiya mövzuları çıxarılacaq. Tədbir çərçivəsində qeyri-neft sektorunun inkişafına dair Caspian European Forum da təşkil ediləcək, həmçinin Caspian Energy Award beynəlxalq mükafatı təqdim olunacaq.
Caspian European Club 2002-ci ildə Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən iri neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. Dünyanın 50 ölkəsini və 5 mindən artıq şirkət və təşkilatı öz sıralarında birləşdirən Klub dövlət qurumları ilə özəl sektor arasında dialoq yaradılması istiqamətində fəal iş aparır.