İDMAN
Gürcüstanda keçiriləcək güləş üzrə Avropa çempionatında iştirak edəcək milli komandalarımızın heyəti açıqlanmışdır
Bakı, 12 mart AZƏRTAC). Martın 19-24-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, məşqçilər korpusu tərəfindən Avropa çempionatında iştirak edəcək sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandaların heyəti müəyyənləşdirilmişdir.
Sərbəst güləş üzrə yarışlarda Azərbaycanı Yaşar Əliyev (55 kq), Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Aleksandr Qostiyev (74 kq), Məhəmmədhacı Xatiyev (84 kq), Xetaq Qazyumov (96 kq) və Cəmaləddin Məhəmmədov təmsil edəcəklər. Yığma komanda baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çempionatda yarışacaqdır.
Qadın güləşi üzrə yığma komandanın heyətində Patimat Baqomedova (48 kq), Anjela Doroqan (51 kq), Yarina Dubovska (55 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva (63 kq), Natalya Palamarçuk (67 kq) və Səbirə Əliyeva (72 kq) yer almışlar. Komandanı çempionata baş məşqçi Yaqub Məmmədov, böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayev hazırlaşdırır.
Yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi Cəmşid Xeyrabadi və böyük məşqçi Nasir Nurbaxış Elçin Əliyev (55 kq), Kamran Məmmədov (60 kq), Həsən Əliyev (66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq) və Rodomir Petkoviçə (120 kq) şans verəcəklər.
Çempionatın proqramına əsasən, martın 19, 20, 21 və 22-də sərbəst və qadın güləşi üzrə, martın 23-24-də isə yunan-Roma güləşi üzrə yarışlar keçiriləcəkdir.